Bizimlə əlaqə +994 70 255 07 11,   info@eks.az
Xəbərlər

15 Sentyabr Bakının yadelli işğalçılar, bolşevik hərbi birləşmələr və daşnak quldurlardan azad olunduğu gündür

100 il bundan əvvəl, 15 Sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri işğaldan azad etdi. XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsi ilə həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı işğalığına son qoyuldu.
15 Sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Xüsusi rolu olub. 1918-ci il may ayının sonlarına doğru Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa ağır vəziyyətdə olan Azərbaycan milli hökumətinin kömək üçün müraciətlərini nəzərə alaraq, qardaşı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Gəncəyə doğru hərəkət etməsi barədə əmr verdi. 1918-ci il May ayının 25-də Qafqaz İslam Ordusunun Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı və may ayının 28-də milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran əsas məqsədlərdən biri də Bakının işğalçılardan azad edilməsi idi. Çünki 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.
1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında Qarşılıqlı yardım və dostluq haqqında müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi də öhdəsinə götürmüşdü.
1918-ci ilin iyulundan Qafqaz islam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi paytaxtımıza göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. Ancaq bütün çətinliklərə baxmayaraq qəhrəman Qafqaz İslam Ordusunun şücaəti və qanı bahasına 15 Sentyabr 1918-ci ildə Bakı şəhəri işğaldan azad edildi. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncə şəhərindən Bakıya köçürüldü və bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin edə bildi.
Bu gün biz 1918-ci ildə Azərbaycana kömək üçün gəlmiş bütün türk hərbçilərini hörmətlə yad edirik və bütün dövrlərdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət diləyirik. Tarixən olduğu kimi, bundan sonra da Azərbaycan-Türkiyə Qardaşlığı əbədi davam edəcək və bütün tarixi məqamlarda hər iki Dövlət bir-birinə dəstək olacaq.
Bu gözəl gündə ən böyük arzumuz işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsidir. İnanırıq ki, biz də gələcək nəsillər qarşısında borcumuzu ləyaqətlə yerinə yetirərək, Qarabağımızı və ətraf rayonlarımızı işğaldan azad edəcək, qürurla şərəf hissi keçirdiyimiz tarixi günlərin sayını artıracağıq.

Xoş arzularla EKS.AZ komandası.