Связаться с нами +994 70 255 07 11,   info@eks.az
Новости

Bütün qadınların bilməli olduğu məlumat - hamiləlik kontrolu.

Hamiləlik istəyi təsbit olunduğu gündən etibarən hamilə qadının və doğulacaq uşağın sağlamlığı üçün hamilə qadın müəyyən aralıqlarda hamiləliyin nəzarəti üçün həkim müayinəsindən keçməlidir. Bu müayinələr sırasında hamiləliyin sağlam bir şəkildə izləndiyini öyrənmək, eyni zamanda hamiləlikdə rastlana biləcək arzuolunmaz durumları anlaya bilmək və doğulacaq uşaqda bətn daxili dövrdə ortaya çıxa biləcək xəstəlikləri diaqnoz etmək məqsədilə bəzi testlər aparılır. Bu testlərin nələr olduğu və hansı zamanlarda aparılması lazım olduğu aşağıda açıqlanmışdır.

Hamiləlik planlayan qadınlar hamiləlikdən əvvəl gündəlik 0.4mg, əvvəlki hamiləliyində sinir borosu qüsuru aşkarlanmış və ya risk qrupunda olanlar isə 4mg dozada fol turşusu qəbul etməlidirlər.

I ziyarət

Həkim tərəfindən qadının qan təzyiqi və çəkisi ölçülüb qeyd edilir. Qan analizlərindən qanın ümumi analizi, aclıq qan şəkəri, qan qrupu, hepatit antigeni və antikoru yoxlanılır. Son bir il ərzində uşaqlıq boynu xərçəngi müayinəsi olunmayıbsa Pap Smear testi yoxlanılır. Ginekoloqun müayinəsi əsnasında həkim lazım bilərsə qanda kardiolipin anticisimləri yoxlanılır və vaginal infeksiya araşdırması üçün vaginal yaxma testi aparılır. Qan qrupu RH(-), həyat yoldaşının qan qrupu RH(+) isə qan uyğunsuzluğu var demək deyil, sadəcə qan uyğunsuzluğu olma riski qrupuna daxil edilir və Coombs reaksiyası testi yoxlanılır. Menstriual tsiklin 2 həftə gecikməsi dövrü aralığnda hamiləliyin uşaqlıq boşluğunda təsbit edilməsi üçün Ultrasəs Müayinəsi məsləhət görülür.

II ziyarət

11-14 həftə aralığına Erkən Fetal Skrininq.
Erkən Fetal Skrininq döldə hər hansı bir xromosom anomaliyası olub-olmadığı riskini təyin etmək və bu həftələrdə aşkarlanması mümkün olan anatomik qüsur anomaliyalarını təsbit etmək məqsədi ilə aparılır.
1) İlk olaraq Ultrasonoqrafik Müayinə aparılır. (bax: Erkən Fetal Skrininq Ultrasəs Müayinəsi)
2) Daha sonra ikili test adlanan qanda PAPP-A və Free-beta HCG testləri yoxlanılır. Hamilə qadın bu aralıqda müayinəni keçməyibsə 16 – 20 həftələrində 3-lü və ya 4-lü test adlandırılan qan testi yoxlanılır. Qeyd edək ki, 2-li testin uyarlılıq dərəcəsi daha yüksəkdir və əgər bu test yoxlanılıbsa sonrakı həftələrdə 3-lü və 4-lü test yoxlanışına ehtiyac yoxdur.
Hamilənin qan təzyiqi və çəkisi ölçülüb qeyd edilir. Qan uyğunsuzluğu varsa Coombs reaksiyası testi təkrarlanır.

III ziyarət

1) 18 – 22 həftələr arasında qanda hemoqlobin və hemotokrit göstəricilərinə baxılır. Hemoqlobin göstəricisi 11qr-dan az olarsa hamilə qadına dəmir preparatı təyin edilir. Hamilənin qan təzyiqi və çəkisi ölçülüb qeyd edilir.
2) Bu həftələrdə aparılan digər bir test Hamiləliyin Ətraflı Ultrasəs Müayinəsidir. (Hamiləliyin Ətraflı Ultrasəs Müayinəsini məlumatın sonunda videorolikdə izləyə bilərsiniz)

24-28 həftələr arasında şəkər yükləməsi testi aparılır. Bu testin məqsədi hamiləliklərin 4%-də meydana çıxan hamiləliklə bağlı şəkər xəstəliyini aşkarlamaqdır. İlk müayinədə qan şəkəri normal olsa belə hamiləliklə bağlı şəkər xəstəliyi meydana çıxa bilər. Bu hamilələr uyğun şəkildə müalicə olunmazsa dölün çox iri olması, hamiləlikdən sonra qalıcı şəkər xəstəliyinin meydana çıxması kimi problemlərə gətirib çıxarar

IV ziyarət

Hamiləliyin 32-ci həftəsində dölün inkişafını dəyərləndirmək üçün Ultrasəs Müayinəsi aparılır. Hamilənin qan təzyiqi və çəkisi ölçülüb qeyd edilir.

V ziyarət

Hamiləliyin 38-39-cu həftəsində doğuşun planlanması üçün son ziyarət olub Ultrasəs Müayinəsi və vaginal müayinə aparılır, dölün təxmini çəkisi və dölün gəlişi müəyyən edilir. Hamilənin qan təzyiqi və çəkisi ölçülüb qeyd edilir.

Yuxarıda göstərilən ziyarət sayı və aparılan testlər normal gedişatlı hamilələr üçün nəzərdə tutulmuşdur. Bu testlərin hər hansı birində, döldə və ya hamilə qadında bir problem olduğu təqdirdə, yaxud həkimin gərəkli gördüyü təqdirdə bu ziyarətlərin və aparılacaq testlərin sıxlığı artırıla bilər.

Məlumat şüa-diaqnostika həkimi İlham Kazımov tərəfindən təqdim edildi.

Əlaqə: +994 55 205 67 55